Alma ağacı | İsi Məlikzadə

Cəfər hündür barıya dırmaşıb həyətə boylandı. Zakirin yer qazdığını görüb qışqırdı:
— Ey! Orda neyniyirsən?
— Ağac əkirəm, — deyə Zakir astadan cavab verdi.
Cəfər barını aşıb onun yanına gəldi. Zakir nazik zoğlu balaca alma ağacının birini Cəfərə uzatdı:
— Al, bağınızda əkərsən, bir-iki ildən sonra böyüyər, bar verər, -dedi.
Cəfər çiyinlərini çəkdi:
— Nəyimə lazımdır? Uşaqlar sənin adını bağban qoyublar, özün də ək.
— Pis iş deyil ki, sən də öyrən.
— Mən bilirəm.
— Bilmirsən…
— Bilirəm. Onlar xeyli mübahisə etdilər. Cəfər acığa düşüb alma ağacını Zakirdən aldı.
Zakir dedi:
— Əkməyini mən sənə öyrədərəm.
— Lazım deyil, mən özüm səndən də yaxşı bacarıram — deyib Cəfər getdi. O, həyətin ortasında çala qazdı. Ağacı basdırıb dibinə də bir vedrə su tökdü…

Aradan bir ay keçdi. Zakirin əkdiyi alma ağacı yavaş-yavaş dirçəlməyə başladı. Cəfərin ağacı isə günü-gündən quruyurdu. O, nə qədər fikirləşirdisə, bunun səbəbini anlaya bilmirdi. Zakirdən də soruşmaq istəmirdi. “Mənə nə düşüb Zakirdən öyrənim? Qoy o məndən öyrənsin”. Bir gün Zakir onun əkdiyi ağaca baxdı.
— Bu niyə quruyur? — deyə soruşdu.
Cəfər dilləndi:
— Mən ona yaxşı qulluq edirəm, hər gün su verirəm, ancaq, nədənsə bitmir ki, bitmir.
— Qəribədir, — deyə Zakir təəccüblə dodaqlarını büzdü. Cəfər də başını yırğaladı.
— Mən hər gün su tökməzdən əvvəl onu çıxarıb kökünə baxıram, görürəm ki, bitməyib.
— Necə? Kökünə baxırsan? — Zakir güldü.
— Əlbəttə, kökünə baxıb yoxlayıram da. Bəs haradan bilim ki, tutub ya yox?
Zakir qəhqəhə çəkib güldü. Cəfər pərt olmuşdu. Zakirin gülümsəyən gözlərinə baxıb başını aşağı saldı. Deyəsən o da səhvini anlamışdı.

1962
 

0 şərh